Neftçala rayonunda 9-cu sinif şagirdinin zorakılığa məruz qalması hadisəsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  aidiyyəti qurumlarla birgə faktın ətraflı araşdırılması istiqamətində işləri davam etdirir.

Komitənin mətbuat katibi Teymur Mərdanoglunun verdiyi məlumata görə,  6 aprel 2021-ci il tarixində Komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri yenidən Neftçala rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin də iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə görüş keçirərək psixososial durumu qiymətləndirib.

Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib. 

Rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə yetkinlik yaşına çatmayanın 2 qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdirilir.

.