Masallıda şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb.

Hadisə Masallıdakı 1 saylı məktəbdə baş verib.

Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2008-ci il təvəllüdlü şəxs (cinsi qadın) saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

Masallı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 16 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Məlikzadə Firuzə Məlik qızı özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Hadisə baş verdikdən dərhal sonra “103” təcili tibbi yardım briqadasına məlumat verilib və F.Məlikzadə Masallı Rayon Mərkəzi Xəstaxanasına yerləşdirilib:

"İlkin həkim müayinəsi zamanı məlum olub ki, F.Məlikzadənin vəziyyəti stabildir.

Hazırda məktəbli Masallı Rayon Mərkəzi Xəstaxanasının Reanimasiya şöbəsində nəzarətdə saxlanılır və vəziyyəti orta qiymətləndirilir. Hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək".

.