"Azərbaycan Respublikası 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ildə 18-ci zirvə toplantısına ev sahibliyi edəcək”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "AzərTAC”a müsahibəsində deyib.

Nazir xatırladıb ki, 2018-ci il aprelin 3-6-da sədrliyə və sammitə hazırlıq məqsədi daşıyan Qoşulmama Hərəkatı nazirlər konfransı Bakıda keçirilib: ”Qlobal və regional məsələlərin əks olunduğu yekun Bakı Bəyannaməsi qəbul olundu. Müxtəlif regionları və qitələri təmsil edən 120 dövlət arasında ortaq məxrəc əldə olunaraq yekun Bəyannamənin hazırlanması Azərbaycan diplomatiyasının yetkinliyini və mürəkkəb beynəlxalq məsələlərin həlli yollarını tapmaq qabiliyyətini göstərir”.

E. Məmmədyarov qeyd edib ki, 2018-2022-ci illər üzrə Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib: "Komitəyə yenidən üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək kimi imkanlar əldə edib”.

Nazirin sözlərinə görə, 2018-ci ilin ikinci yarısından etibarən Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək: "Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd təsərrüfatı, bağlantı kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək. 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirir. Azərbaycanın təşəbbüsü ilə bu il BMT Baş Assambleyasının 72-ci sessiyasında münaqişə şəraitində qadın və qızların əsir götürülməsinə qarşı dövrü qətnamə, habelə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin səmərəli ictimai xidmətlər vasitəsilə təmin edilməsi adlı qətnamə qəbul edilib. Həmçinin Azərbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövrü qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulub. Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar - ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Azərbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlik funksiyasına və digər aparıcı komitələrinə seçilməsi, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun, dünya dövlətləri tərəfindən ölkəmizə olan etimadın bariz göstəricisidir”.

"Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər”.

Bunu da xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E. Məmmədyarov deyib ki, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin:

"Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir. Bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox".
.