Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurublar.

“İndi belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Amma bunun nə qədər effektiv olacağını zaman göstərəcək”, - nazir qeyd edib.

Nazir: Ermənistan Laçın yolunda sui-istifadə hallarının davam etməsində maraqlıdır

Xarici işlər naziri Ceyhun Bayramov Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsinin qurulması ilə bağlı Azərbaycanın təklifini qəbul etməməklə bağlı erməni həmkarı Ararat Mirzoyanın açıqlamasını şərh edib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir.

“Düşünürük ki, beləliklə, bütün bu gərginlik aradan qalxar. Bizim çoxsaylı beynəlxalq tərəfdaşlarla olan işçi müzakirələrimiz zamanı da bu təklif sağlam və konstruktiv təklif kimi qəbul edilib. Ancaq əfsus ki, Münxendə Ermənistan tərəfindən buna cavab verilmədi. Üstündən iki gün keçəndən sonra Ermənistan xarici işlər naziri bu təklifin onlar üçün məqbul olmaması barədə bir açıqlama verdi. Bizə görə bunun bir neçə göstəricisi var. Birincisi odur ki, Ermənistan yoldan sui-istifadə hallarının davam etməsində maraqlıdır. Bu hər kəsdə sual doğurmalıdır. İkinci məqam ondan ibarətdir ki, Ermənistanın yanaşmasında böyük ziddiyyətlər var. Ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən Ermənistan bütün beynəlxalq platformalarda bu istiqaməti gündəmə gətirib Azərbaycana təzyiq etmək istəyir, digər tərəfdən isə Ermənistana konstruktiv dialoq təklif olunan zaman Ermənistan bundan əsassız şəkildə yayınır”, - nazir qeyd edib.

XİN: Azərbaycan BQXK-nın Laçın-Xankəndi yolunda fəaliyyəti üçün hər cür dəstək göstərir

Azərbaycan dövləti BQXK-nın Laçın-Xankəndi yolunda fəaliyyəti üçün hər cür dəstək göstərir.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, BQXK ilə də gündəlik ünsiyyətdədirlər: “O cümlədən mən dünən də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşdüm. Dünən bu barədə məlumat oldu. Amma istəyirəm Azərbaycan cəmiyyəti bilsin ki, bizim görüşlərimiz mütəmadi keçirilir. Həmkarlar da gündəlik əsasda əlaqədədirlər. Çünki yerdə BQXK fəaliyyət göstərir. Azərbaycan dövləti BQXK-nın da fəaliyyəti üçün hər cür dəstək göstərir. Azərbaycan dövləti hər zaman məsələnin kökündə duran narazılıqların aradan götürülməsi üçün konstruktiv təkliflər verir. Yəni belə təkliflər tərəfimizdən çox səsləndirilib”.

.