NATO bu gün Brüsseldə İsveç, Finlandiya və Türkiyə rəsmiləri arasında keçirilən görüşlə bağlı bəyanat yayıb.

Bu barədə NATO-nun mətbuat xidməti bildirib.

Martın 9-da NATO-nun Baş katibi Yens Stoltenberq 2022-ci il NATO Zirvə Toplantısı çərçivəsində Madriddə imzalanmış Üçtərəfli Memorandumla yaradılmış Daimi Birgə Mexanizmin tərəfləri olan Türkiyə, Finlandiya və İsveç hökumətlərinin nümayəndələrini bir araya gətirib.

İclası açan Baş katib Finlandiya və İsveçin Türkiyənin legitim təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün vacib addımlar atdığını deyib. "İndi bütün Müttəfiqlərin ratifikasiya prosesini başa vurması və NATO-nun Vilnüsdə keçiriləcək Zirvə görüşü ərəfəsində Finlandiya və İsveçi Alyansın tamhüquqlu üzvləri kimi alqışlamaq vaxtıdır”, Stoltenberq deyib.

Görüşdə Türkiyə, Finlandiya və İsveç nümayəndələri üçtərəfli memorandumun həyata keçirilməsi üçün atılan konkret addımları müzakirə ediblər. "Memorandumda razılaşdırıldığı kimi, onlar arasında silah ixracı ilə bağlı heç bir məhdudiyyət yoxdur; onlar terrorla mübarizə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndiriblər; İsveç hazırda PKK-ya qarşı da daxil olmaqla, terrorla mübarizə qanunvericiliyini sərtləşdirmə prosesindədir. Bütün iştirakçılar əldə edilən irəliləyişi təqdir ediblər", NATO-nun yaydığı bəyanatda qeyd olunub.

Görüşdə tərəflər həm Finlandiya, həm də İsveçin sürətli ratifikasiyasının hamının marağında olacağı və onların üzvlüyünü Alyansı gücləndirəcəyi barədə razılığa gəlinib.

"Türkiyə, Finlandiya və İsveç də terrorizmlə mübarizədə Daimi Birgə Mexanizmin uzunmüddətli əhəmiyyəti barədə razılığa gəliblər və bu formatda əməkdaşlığı davam etdirmək, Vilnüs Sammitinə qədər yenidən görüşmək barədə razılığa gəliblər".

.