Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi proseduru müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə yeni - 131–1-ci maddə əlavə olunur.

Beləliklə, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin maddələrdən bu Məcəllə ilə müəyyən edilmiş qaydada ekspert tərəfindən nümunənin götürülməsini, qalan hissəsinin isə məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər. Ekspertizanın keçirilməsi üçün təqdim edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin müvafiq ekspertizası keçirildikdən sonra ekspert həmin maddədən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında nümunə götürür, bu nümunəni və maddənin qalan hissəsini ayrılıqda qablaşdırır. Ekspert tədqiqatı nəticəsində ekspert həmçinin təqdim edilmiş maddələrin tibbi məqsədlərlə istifadə olunub-oluna bilməməsinə dair rəy verməlidir. Nümunə və həmin maddələrin qalan hissəsi ekspert rəyi ilə birlikdə ekspertiza təyin etmiş şəxsə təqdim edilir. Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsinə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır. Müvafiq vəsatət və təqdimat ekspert rəyi cinayət təqibini həyata keçirən orqana daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq məhkəməyə təqdim edilməlidir. Həmin vəsatətin təmin edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələrin qalan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məhv edilir və ya tibbi məqsədlərlə istifadəsi üçün təhvil verilir. Nümunələrin götürülməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qalan hissəsinin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məqsədilə müvafiq dövlət qurumuna verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.

Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə hakimin zəruri hesab etdiyi digər şəxslər iştirak edirlər.

Hakim maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələlərinə dair vəsatətin təmin edilməsi barədə qərar qəbul etdikdə, qərarda həmin maddələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

.