Qələbə Paradında iştirak üçün Moskvaya səfər edən Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin iki üzvündə yeni növ koronavirus infeksiyası (COVID-19) aşkarlanıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Moskvaya gəldikdən sonra Qırğızıstan Prezidenti və nümayəndə heyətinin üzvləri koronavirus testindən keçiblər.

Prezident aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və mühafizə xidmətinin bir nəfər əməkdaşının testinin nəticələri müsbət çıxıb. 

Bundan sonra S. Jeenbekov Qızıl meydanda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirakdan imtina ilə bağlı qərar qəbul edib. 

Qırğızıstan prezidenti və nümayəndə heyəti artıq Moskvanı tərk edərək Bişkekə yola düşüblər.

Prezidentin mətbuat xidmətindən bildirilib ki,  koronavirus testlərinin nəticələri məlum olana qədər S. Jeenbekov və digərləri özlərini təcrid edəcəklər.

.