Nəinki Kür quruyur, Arazın da suyu azalıb.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev deyib ki, əvvəl bu vaxtlarda Kürün suyu daşardı: “İndi iqlim dəyişikliyi, quraqlıq amili var. Azərbaycanda yayda pambığın, digər təsərrüfat sahələrinin suvarılması da buna təsir edən amillərdəndir. Əvvəl ölkədə 50 min hektar sahədə pambıq əkilirdisə, indi 100 min hektarda əkilir. Ölkədə taxıl əkilən sahə isə 1 milyon hektardır. Əhali də sürətlə artır və onların da öz təsərrüfatı var. Bundan başqa, sudan qənaətlə istifadə etmirik, suvarma texnologiyası tətbiq edilmir, çiləmə üsulundan istifadə olunmur. Digər amillərdən biri budur ki, bizdə iri təsərrüfatların yaradılması baş vermir. Hərənin 3 hektar sahəsi var, istəyir özü əksin, özü biçsin. Belə olanda torpağın becərilməsi və suvarılmasında çətinliklər ortaya çıxır. Qardaş, əmioğlu, dayıoğlu torpaqlarını birləşdirməlidir. Kənd təsərrüfatında müəyyən çətinliklər var. Məhsuldarlığın aşağı düşməsinə də bu səbəb olur”.

.