Hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur. 

***

17.45

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”. 

Milli Məclisdə keçirilən müzakirələrdən sonra ölkədə hərbi vəziyyətin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiqlənib.
 

***

Azərbaycan Milli Məclisinin iclası keçirilir.

İclasda hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələ müzakirə edilir.

İclas davam edir.

Qeyd edək ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

.