Tarix bizi bir millət və dövlət olaraq böyük sınaqlar qarşısında qoyub. Bu ilin əvvəlindən dünyanı cənginə alan COVİD 19 pandemiyası dünyanı çox sərt sınağa çəkərək məhv olmaq təhlükəsilə üz- üzə qoydu. Azərbaycan dövləti xalqımızı bu bənzərsiz bəladan xilas etmək üçün bir çox qabaqlayıcı tədbirlər görərək ziyanın minimuma endirilməsi üçün maksimum səylər göstərdi və bu gün bu səylər ardıcıl şəkildə və qətiyyətlə davam etdirilir. Tovuz istiqamətində erməi təcavüzü və hərbi təxribatları regionda vəziyyətin kəskinləşməsinə səbəb oldu. Bu hadisələr bizi birləşməyə və vahid qüvvə kimi nizamlı şəkildə həm amansız xəstəliyə qarşı, həm amansız erməni işğalçllara qarşı duruş gətirmək və bu kritik vəziyyətdən xalqımızı da, milllətimizi də, dövlətimizi də itkisiz çıxarmağa səsləyir.
Bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı çox maraqlı məqamlarla diqqəti cəlb etdi. Bu çıxışda son vaxtlar Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi qanlı cinayətlərlə bağlı əsl həqiqəti əks etdirən maraqlı fikirlər səsləndirilmişdir.  İlham Əliyev qeyd etmişdir ki, “iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”.
   Prezident qeyd etmişdir ki, “Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir”. Ölkə başçımız Ermənistanın bütün əxlaq normalarını aşaraq işğalçı dövlət olaraq ərazi bütövlüyümüzə qəsd etməklə sərhədyanı ərazilərdə yeni qanlı fitnəkarlıqlar törədir, digər tərəfdən dünya ictimaiyyətini çaş- baş salmaq məqsədilə tez əsl erməni xislətinə xas şəkildə yalançlı hay-küy salaraq Azərbaycan tərəfini günahlandırmağa, yeni hərbi eskalasiyanın məhz Azərbaycan tərəfinin səsbənkar olduğu barədə yalançı və aldadıcı bəyənatlar səsləndirirlər. Ona görə də Azərbaycan rəhbəri əsl həqiqəti görmək, dünya ölkələrinin Azərbaycandakı təmsilçilərini hərbi əməliyyatlat gedən mühaqişə zonasına dəvət edir ki, real vəziyyəti öz gözlərilə görüb ölkələrinə tam doğru- dürüst məlumat versinlər, vəziyyəti və hadisələri təhrif edən ermənilərin informasiya saxtakarlığına aldanmasınlar.
   Ölkə başçısı düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan olmasını, aprel döyüşlərində öz rəşadətini göstərməsindən danışaraq onun yüksək dövlət ordeni ilə təltif edilməsini vurğuladı. Həmçinin qürurla səsləndirildi ki, bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir. Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir.
Prezident öz şıxışında qeyd etdi ki, son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
    Çıxışda digər bir maraqlı məqam ermənilərin fitnəkar fəaliyyətində havadarlarının dəstəyi ilə bağlıdır. Ölkə başçısı vurğuladı ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir.
    Növbəti erməni fitnəkarlığının pərdəarxası motivlərindən danışaraq Prezident bildirdi ki,  Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır. Həmişəki kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. Ənənəvi erməni riyakarlığının bariz nümunəsini bu dəfə də müşahidə etdik.
Dövlətimizin nsiyasi spektrində də bu hadisə maraqlı və böyük siyası və  mənəvi mənzərə yaradan rezonans doğurdu. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.  Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət yetişmişdir. Azərbaycanda da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşmişlər. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”.
   Son hadisələr Prezident – Xalq birliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Qarabağ məsələsinin həllində bu faktorun əhəmiyyəti danılmazdır.
Azərbaycanın haqq işini, yeritdiyi ədalətli siyasətə beynəlxalq dəstəyin şahidi olduq. Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti  Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib Azərbaycanla həmrəy olduqlarını bildirdilər.
 Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir, vahid ideya ətrafında sıx bilrləşə bilir, heç vaxt dövlətə, dövlətçiliyə müxalifliyin mövcusd olmadığını sübut etdilər. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.  Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Xalqın xoşməramı və yüksək vətənpərvərliyinin ifadəsi olan bu gözəl aksiyanı öz fitnəkar fəaliyyəti və cılız məqsədlərilə pozmağa çalışanları xalq lənətləyir və bunu erməni dəyirmanına su tökmək kimi dəyərləndirir. Xalq öz dövlət başçısının ətrafında sıx birləşməklə həm Qarabağ məsələsinin, həm də pandemiya ilə mübarizədən qalib çıxacağına inanır və bu xəttə sadiq olduqlarını ifadə edir.
    Düşmən hücum etdikdə hakimiyyətə arxadan zərbə vurmaq yox, vahid ideya ətrafında birləşib torpaqları, bununla birgə dövləti və dövlətçiliyi qorumaq lazımdır. Siyasi yetkinliyin və ideya inkişafının nümunəsi olan bu həmrəylik çox ibrətamizdir və xaricdən maliyyələşib ölkənin maraqlarına zidd fəaliyyət göstərən məhdud siyasi qüvvələr də bu mühüm əhəmiyyətli addımdan ibrət götürməyə səy göstərməlidir, çünki nəyə müxalif olsalar da, heç kim dövlətə, dövlətçiliyə, müstəqilliyə və ərazi bütövlüyünə müxalif ola bilməz. Azərbaycan hamımızın Vətənidir- iqtidarın da, müxalifətin də.. Vətənə müxalif olmaq mümkün deyil.


YAP Pirallahı rayon təşkilatı 
Gənclər Birliyinin İdarə Heyətinin üzvü 
Tosif Mahmudov

.