"Bundan sonra nəinki doğum günlərimizi, bütün tədbirlərimizi Ağdamda keçirəcəyik".

Bunu "Report"a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

O bildirib ki, builki doğum günündə ən böyük hədiyyə Ağdamın işğaldan azad olunmasıdır: "Hər il ad günümü Ağdam həsrəti ilə qeyd edirdim, indi şəhidlər və qazilərin sayəsində vüsala çatmışam. Bu gün zəfər çalmış bir xalqın sənətkarı kimi doğum günümü qeyd edirəm. Əsas məsələ odur ki, bizim ən böyük nisgilimizə - Qarabağ dərdimizə son qoyuldu. Bu gün hər bir azərbaycanlının arzusudur ki, Qarabağı qarış-qarış gəzsin, orada şəhid olanların xatirəsini yad etsin. Bu ülvi arzuya çatanlardan biri də mən oldum. Şuşada, Ağdamda çıxış etmək illərdir ürəyimdə qalan bir arzu idi. Mənim üçün Şuşada Üzeyir bəyin heykəli önündə Məcnun kimi çıxış etmək, Qarabağ şikəstəsini ifa etməkdən böyük hədiyyə ola bilməz".

M.İbrahimov deyib ki, bu dəfə doğum gününü xüsusi bir şəkildə qeyd etməyəcək: "Ürəyimdə həm xoşbəxtlik, həm də kədər var. Qürurlu və bir o qədər də duyğulu günlərdir. Çünki biz Qarabağımızı şəhidlərin qanı bahasına geri qaytardıq. Qarabağda şəhid olan igidlərin əksəriyyətinin hələ ili tamam olmayıb. Ona görə də, təmtəraqla ad günü qeyd etməyəcəyəm".

"Əsas odur ki, Qarabağda quruculuq işləri başlayıb. Bundan sonra bütün tədbirləri orada şəhidlərimizin ruhu ilə bir yerdə qeyd edəcəyik", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, bu gün Xalq artisti Mənsum İbrahimovun 61 yaşı olur. M.İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.

O, 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində təmsil edir.

M.İbrahimov 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Şöhrət ordeni" ilə təltif olunub. Müxtəlif illərdə Prezident Mükafatına layiq görülüb. Hazırda Azərbaycan Milli Konservatoriyasının professorudur.

.