Fransa Prezidenti Emmanuel Makron Avropa şirkətlərini dolların təsirindən qorunmaq məqsədilə avronun geniş miqyasda beynəlmiləlləşməsinə çağırıb.

Bunu Fransa dövlət başçısı Brüsseldə Avropa İttifaqına daxil olan ölkələrin sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Xüsusi olaraq qeyd etdim ki, avro iqtisadi siyasətimizin bir vasitəsidir. Əgər şirkətlərimizi dolların xarici təsirindən qorumaq istəyiriksə, avronun beynəlxalq valyuta olmasına çalışmalıyıq", - Makron qeyd edib.

Qeyd edək ki, avro "qoca qitə"nin 17 ölkəsinin rəsmi pul vahididir. Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla, daha 9 ölkədə rəsmi valyutadır.

Avro 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilib, 2002-ci ilin 1 yanvarından isə nağd əsginaslar dövriyyəyə buraxılıb.

.