“Renault” Moskva meriyasının balansına keçib, “Moskviç” brendi altında avtomobillər istehsal edəcək. Moskva meri Sergey Sobyanin “Renault” avtomobil zavodunu şəhər büdcəsinə götürmək qərarı verib.

Bu barədə o, şəxsi bloqunda yazıb.

“Əcnəbi sahibi Moskvadakı “Renault” zavodunu bağlamaq qərarına gəlib. Bu, onun hüququdur. Minlərlə işçinin işsiz qalmasına icazə verə bilmərik. Mən zavodu şəhərin balansına götürmək haqqında qərar verdim”, - Sobyanin yazıb.

Merin sözlərinə görə, o, zavodun işçi kollektivinin əksəriyyətini saxlamağa çalışacaq. Müəssisə tarixi “Moskviç” brendi altında avtomobillərin istehsalını bərpa edəcək.

“Yenidən canlanan "Moskviç" Moskva Avtomobil Zavodunun əsas texnoloji tərəfdaşı "Kamaz" olacaq. Birinci mərhələdə daxili yanma mühərrikli klassik avtomobillərin, gələcəkdə isə elektromobillərin istehsalı təşkil olunacaq", - Sobyanin vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyinin teleqram kanalı “Renault Russia” QSC-nin səhmlərinin yüz faizinin Moskva meriyasının mülkiyyətinə keçəcəyi barədə məlumat yayıb.

.