“Dağlıq Qarabağda gedən müharibə ilə  bağlı  çox narahat idim. Tanrıya şükür ki, Azərbaycan ordusu döyüş meydanında qalib gəldi və möhtəşəm zəfər çaldı. Bütün Azərbaycan xalqını, ələxsus Qarabağı yenidən vətənə qovuşduran cəsur, mərd oğlanları alqışlayıram”.

Bu sözləri məşhur Braziliyalı futbolçu Fabio Luis Ramim Rəşad Nəsirovla söhbətində bildirib. “Əslində sakit birisiyəm və şəxsi həyatımla bağlı məsələləri sosial şəbəkələrdə bölüşmürəm, amma Qarabağla bağlı internetdə paylaşım etmişəm, çünki mən də özümü Azərbaycanın bir parçası hiss edirəm.

Peşəkar bir futbolçu kimi ölkənizə, qonaqpərvər və mehriban insanlarınıza çox borcluyam. Bakıda çox gözəl günlərim keçib, yığmadakı oyunlarımı xüsusi bir nostalji hissi ilə tez-tez xatırlayıram. Azərbaycan mənim ikinci vətənimdi,  həmişə ay-ulduzlu üçrəngli bayrağımızı daha da uca etmək üçün futbol meydançasında əzmlə çalışmışam. Əfsuslar olsun ki, aldığım travmalar səbəbindən Bakıda karyeramı davam etdirə bilmədim. Artıq 5 ildir ki, futbol təcrübəmi yeni nəsil ilə bölüşürəm, məşqçi kimi fəaliyyət göstərirəm”. Fabio luis Ramim Braziliyada yaşasa da ürəyinin Azərbaycanla döyündüyünü bildirib.  “İnanıram ki, nə vaxtsa öz mənəvi borcumu qaytarmaq üçün Azərbaycana dönəcəm, çünki  mən qəlbimdə Azərbaycanlıyam” deyə braziliyalı futbolçu vurğulayıb.

.