Prezident İlham Əliyev “AYNA” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “AYNA” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, dövlət başçısının 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “AYNA” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etmək, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanına uyğun olaraq, “AYNA” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb.

Bundan başqa, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyinə, Dövlət Gömrük Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və İcbari Sığorta Bürosu AYNA” informasiya sistemi haqqında Əsasnamə”də nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə 1 il müddətində zəruri tədbirlər görməli, bu barədə dövlət başçısına məlumat verməlidir.

Nazirlər Kabineti isə fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

.