Koronavirusun “delta” ştammına baxanda onun yeni variantı olan AY.4.2 ilə yoluxmanın daha ağır olması və ya onun anticisimlərə qarşı davamlılığı hələ təsdiqini tapmayıb.

Bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun insan xəstəliklərinin diaqnostikasının yeni üsullarının işlənib hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov bildirib.

Elm adamının fikrincə, Britaniya Səhiyyə Agentliyinin bu məsələ ilə bağlı nəşrlərində “delta” və onun yeni növü arasında xəstəxanaya yerləşdirmə, həmçinin ölüm riskinin fərqinə dair inandırıcı sübutlar yoxdur.

Hafizov əlavə edib ki, təqdim olunan araşdırmalarda xəstələrin yaşı və onların peyvənd olunması nəzərə alınmayıb.

“Ona görə də hesab edirəm ki, analizin nəticələri çox ehtiyatla şərh edilməlidir”, - deyə K.Hafizov bildirib.

Xatırladaq ki, Böyük Britaniyada COVID-19-un “Delta” variantına aid olan “AY.4.2” ştammı yayılıb. Bildirilir ki, yoluxma bütün xəstələrin təxminən 10 faizində qeydə alınıb.

AY.4.2-yə yoluxma həmçinin İsrail, ABŞ və Rusiyada da qeydə alınıb.

.