Pentaqon müharibədə Ukraynanın artilleriya mərmilərinə olan ciddi ehtiyacını ödəməyə kömək etmək üçün ABŞ-ın İsraildəki sursat ehtiyatından istifadə edir.

Bu barədə “New-York Times” ABŞ və İsraildəki məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin xəbərinə görə, bu hərbi ehtiyat anbarı Pentaqonun Yaxın Şərqdəki münaqişələrdə istifadə etməsi üçün silah və sursatla təmin olunur. ABŞ həmçinin, fövqəladə hallarda İsrailə bu ehtiyatdan istifadəyə icazə verib:

“Ukraynanın Sovet dövründən qalma silahları üçün döyüş sursatı azalıb və ölkə əsasən, ABŞ və digər Qərb müttəfiqləri tərəfindən bağışlanan artilleriya və güllələrdən istifadə etməyə başlayıb. Amerikalı silah istehsalçılarının hələ də Ukraynanın döyüş meydanındakı əməliyyatların tempi ilə ayaqlaşa bilməməsi səbəbindən Pentaqon boşluğu aradan qaldırmaq üçün iki alternativ mərmi təchizatına müraciət edib ki, bunlardan biri Cənubi Koreyada, digəri İsraildədir".

Cənubi Koreyadakı ehtiyatlardan istifadə olunduğu açıqlansa da, İsraildəki anbardan istifadə ilə bağlı məlumat indiyə qədər açıqlanmayıb.

"New-York Times" yazır ki, İsrail Moskva ilə münasibətləri korlamaqdan ehtiyatlandığı üçün davamlı olaraq Ukraynaya silah verməkdən imtina edib və ilkin olaraq Pentaqonun İsraildəki anbardan Ukraynaya silah-sursat göndərəcəyi təqdirdə Ukraynanın silahlandırılmasında iştirakçı kimi görünəcəyindən narahatlığını ifadə edib.

İsrail və Amerika rəsmiləri bildiriblər ki, Ukraynaya göndərilən 300 min mərminin təxminən yarısı artıq Avropaya göndərilib və Polşa vasitəsilə bu ölkəyə çatdırılacaq.

“ABŞ indiyədək Ukraynaya bir milyon 155 millimetrlik mərmi göndərib və ya göndərəcəyini öhdəsinə götürüb. Əməliyyat məsələlərini müzakirə etmək üçün anonimlik şərti ilə danışan yüksək rütbəli bir ABŞ rəsmisi, bunun əhəmiyyətli bir hissəsinin İsrail və Cənubi Koreyadakı ehtiyatlardan göndərildiyini vurğulayıb”, - nəşr yazıb.

ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirib ki, Cənubi Koreya İsraildən daha çox bu prosesdə ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.

.