Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə göndəriləcək.

Bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb. Məlumata görə, missiya fevralın 20-də başlayacaq.

Bu gün məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Aİ XİN başçılarının iclasında veriləcək.

Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin, müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib.

Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin silahsız olacağı vurğulanır.

.