Kanadanın müdafiə naziri Anita Anand Ukraynaya səfər edib.

Müdafiə naziri bu barədə "Twitter" hesabında bildirib.

Kanadanın Ukrayna xalqı ilə sarsılmaz həmrəyliyini nümayiş etdirmək üçün Kiyevə səfər etdiyin deyən kanadalı nazir ukraynalı həmkarı Oleksey Reznikovla görüşdüyünü və ölkəsinin Ukraynaya növbəti hərbi yardım paketi göndərəcəyi ilə bağlı onu məlumatlandırdığını bildirib.

"Ukrayna Silahlı Qüvvələri Kanadanın "Roshel" şirkətinin istehsalı "Senator" zirehli maşınlarının manevr qabiliyyətini, davamlılığını və çevikliyini yüksək qiymətləndirir. Ona görə də biz bu zirehli texnikadan daha 200-nü Ukraynaya göndəririk", - nazir bildirib.

Kanada Müdafiə Nazirliyi isə bildirib ki, bu hərbi yardımın dəyəri 90 milyon dollardan çoxdur və 2022-ci ilin noyabrında Baş nazir Castin Trüdo tərəfindən elan edilən Ukraynaya əlavə 500 milyon dollarlıq hərbi yardımın bir hissəsi kimi ayrılıb.

Qeyd edək ki, Kanada 2022-ci ilin fevralından Ukraynaya 1 milyard dollardan çox hərbi yardım edib. Bu yardıma müvafiq döyüş sursatları, 39 piyadaların döyüş maşını, tank əleyhinə silahlar, NASAMS, M777 Haubitsaları və əlaqəli döyüş sursatları daxildir.

.