İsveçdə fəaliyyət göstərən azərbaycanlı iş adamına məxsus “Vitt Hem - Qarabağ” restoranı yandırılıb.

Bu barədə Report-a restoranın sahibi Kənan Hacıəkbəroğlu məlumat verib.

Onun sözlərinə görə, Göteborq şəhərində yeni açılışı olan restorana gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən “molotov kokteyli” atılıb.

“Mənə polis gecə saatlarında məlumat verdi. Dərhal əraziyə gəldim. Artıq yanğın söndürülmüşdü. Polis əraziyə yaxınlaşmağa qoymadı. Yanğınsöndürənlər və polis restoranın qəsdən yandırılmasından şübhələnirlər. Araşdırma aparılır”, - K.Hacıəkbəroğlu bildirib.

Göteborq şəhər polisinin yaydığı ilkin məlumata görə, yanğına restoranın içinə atılan şübhəli maddə səbəb olub. Yanğından sonra küçə nəqliyyatın hərəkətinə bağlanıb. Polis ətrafdakı müşahidə kameralarının yoxlanılmasına başlayıb. Hadisə ilə bağlı Göteborq şəhər Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

.