“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”.

Bunu jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib.

Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final gecəsi artıq səsimizin nəzərə alınmadığını gördük və təşkilatçılara müraciət məktubu ünvanladıq. Həmçinin, bu gün də sözügedən hadisə ilə bağlı növbəti etiraz məktubunu Avropa Yayım Birliyinə ünvanladıq. Yəqin ki, iki günə rəsmi cavab gələr”.

İsa Məlikov Azərbaycanın bundan sonrakı addımlarına da toxunub: “Düşünürəm ki, Azərbaycanın bundan sonra verəcəyi qərar gələn cavabdan asılır. Həm növbəti illərdə iştirak baxımından, həm də ki, ümumiyyətlə, bu hadisəyə qiymət baxımından”.

Qeyd edək ki, 14 may tarixində baş tutan final gecəsində Azərbaycan və bir sıra ölkənin "Avroviziya"dakı münsif səsi qeydə alınmayıb.

Azərbaycanın "Avroviziya"nın münsiflər heyətindən çıxarılmasına da aydınlıq gətirilib.

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və digər 5 ölkənin münsiflər heyətinin çıxarılması məsələsinin rəsmi olmadığını deyib.

“İstinad olunan saytlar Avropa Yayım Birliyi və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”, - İsa Məlikov qeyd edib.

.