Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən gecə-gündüz demədən istənilən hava şəraitində, relyefi mürəkkəb olan ərazilərdə uğurla davam etdirilir.

DİN-dən  verilən məlumata görə, müxtəlif şərti adlar altında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən həmin şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 3 mütəşəkkil dəstə, o cümlədən 38 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 174 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 6 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Əməliyyatlar zamanı saxlanılan şəxslərdən Malik Ağayev, Kənan Cəfərov, tanışı Alışan Qədirov, Ramil Kərimov və Samir Mahmudov ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Onlardan Yevlax rayonunda saxlanılan Ramil Kərimovun Gəncə-Qazax regionunda narkotik vasitələrin paylanmasını təşkil edən əsas şəxslərdən biri olduğu müəyyən edilib. Ramil Kərimov diqqət çəkməmək üçün narkotik vasitələri Yevlax rayonunda yerləşən qəbiristanlıqda gizlədib.

Astara rayonunda 40 kiloqram narkotik vasitə ilə saxlanılan Malik Ağayevin isə külli miqdarda heroin, metamfetamin və marixuananı İranda yaşayan narkotacirin əmri ilə satmaq məqsədi ilə paytaxt ərazisinə göndərməyi planlaşdırdığı müəyyən edilib.

 

 

.