Təəssüf ki, Azərbaycanın ali iqtisadi təhsil sisteminin ölkədə, dünyada  baş verən  iqtisadi-sosial proseslərə effektiv reaksiyası görünmür.

Mən ölkəmizin ali təhsil sistemində uzun illər ərzində müxtəlif vəzifələrdə çalışmışam və çalışmaqda davam edirəm.. İqtisadçı olduğum üçün, xüsusilə, ali iqtisadi təhsil sahəsi üzərində fokuslaşmışam. Və, zənnimcə, ali təhsil, xüsusən ali iqtisadi təhsli sistemində baş verən proseslər barədə əsaslı fikirlər bildirməyə haqqım var. Çox təəssüf ki, ölkəmizin ali iqtisadi təhsil sistemi bu günkü reallıqlar çərçivəsində formalaşan çağırışlara cavab vermir.
Ondan başlayaq ki, biz Azərbaycanın ali iqtisadi təhsil sisteminin istər ölkədə, istər bölgədə, istərsə də dünyada baş verən iqtisadi-sosial proseslərlə bağlı effektiv reaksiyasını görmürük. Və sözügedən sistemin nəinki effektiv reaksiyasını, qeyd etdiyimiz  baş verən proseslərin təhlilinə belə, yaxın düşməsinin şahidi ola bilmirik desək, zənnimcə, yanılmarıq. 

Bu, çox acınacaqlıdır. 

Zənnimcə, bunun nəticələrini milli iqtisadiyyatımız yaxın illərdə hiss edəcək. 
 Mən bir sıra konkret misallar gətirmək istəyirəm ki, geniş auditoriya onlardan bilgili olsun və Azərbaycan ictimaiyyəti özü nəticə çıxarsın, həmçinin, aidiyyati dövlət qurumları həmin məsələlərə lazım olan səviyyədə diqqət yetirsin. 

Nə qədər məntiqsiz olsa da, Azərbaycanda bakalavriat səviyyəsində dünya iqtisadiyyatı ixtisası ləğv olunub. Bəs bu halda biz ali iqtisadi təhsil sistemimiz tərəfindən dünyada baş verən mürəkkəb iqtisadi proseslərin təhlil edilməsinə necə çalışa bilərik? Bu, necə dəyərləndirilməlidir və həmin qərarı qəbul etmiş vəzifəli insanlar buna necə izah verə bilər? Bəhs edilən məsələni bir qədər də maraqlı edən odur ki, doktorantura səviyyəsində dünya iqtisadiyyatı ixtisası var. Sanki binanın üst mərtəbələri tikilir, alt mərtəbələri isə sökülür… Bir sözlə, çox müəmmalı yanaşmadır… 
Digər tərəfdən, beynəlxalq ticarət və loqistika ixtisası tədris prosesinə daxil edilib, amma ticarət ixtisası ləğv olunub. Sual edilir: ticarət olmadan beynəlxalq ticarət mövcud ola bilərmi?Digər tərəfdən əgər belə qərarlar qəbul edənlər düşünürlərsə ki, dünya iqtisadiyyatı elə beynəlxalq ticarətdən ibarətdir və müvafiq qaydada ixtisasın əvəz edilməsini reallaşdırmaq olar, bu onların, peşəkarlığı barədə, fikrimcə, böyük suallar qoyur, çünki dünya iqtisadiyyatında transsərhəd kapital hərəkətinin hansı rola malik olduğunu necə diqqətdən kənarda qoymaq olar?Eyni zamanda, xarici ticarətin  istər idxal, istər ixrac seqmentlərində olsun,  məntiqi nəticəsi, məntiqi yekunu daxili ticarət olmurmu? Bəs onda Ticarət ixtiaası niyə yoxdur? Yəni belə bəsit məsələləri bizim iqtisadi təhsilin rəhbərlyində olan insanlar dərk etmirmi?.. 

Bir misal da qeyd edim: biznesin idarə edilməsi ixtisasında binesin əsasları fənni tədris planına əsas yox, seçmə fənn kimi daxil edilib. Yəni belə çıxır ki, tələbə biznesin idarə edilməsi üzrə "mütəxəssis" olacaq, amma biznesin əsasları fənnini keçməyə də bilər. Bəs o halda həmin tələbə 4 il ərzində biznesin əsaslarını bilmədən biznesin idarə olunması üzrə necə mütəxəssis kimi yetişə bilər?  Yəni bu qədər sadə suallara cavab tapmaq mümkün olmadığı halda hansısa beynəlxalq reytinqlərin arxasınca qaçmaq, hansısa xarici jurnallarda məqalələri reklam etmək, həmin məqalələri müəllimlik üçün vacib şərt etmək , ümumiyyətlə, ali iqtisadi təhsil sistemi üzərində çox təhlükəli eksperimentlər aparılması demək deyilmi? Həm də xarici jurnallarda məqalələri nəşr edilən bütün  insanları "böyük alim" adlandırıb irəli çəkənlərə məsləhətim odur ki, çox pafoslu bəyanatlar verməsinlər! Həmin məqalə "müəlliflərinin" həmin məqalələrdən nə dərəcədə məlumatlı olduqlarını dəqiqləşdirmək pis olmazdı! Sosial şəbəkələrdə gedən "məqalə ticarəti" barədə yəqin ki iqtisadi təhsildə rəhbər vəzifələrdə olanlar xəbərsiz deyillər! Bir də unutmayaq ki, iqtisadiyyat ictimai elmdi və iqtisad elmində yazılan məqalələr, konfrans tezisləri ictimai inkişafa, ölkəmizin sosial-iqtisadi rifahına xidmət etməlidir, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən  iqtisadi siyasətə müvafiq ekspert dəstəyi, elmi-nəzəri, metodoloji baza təqdim etməlidir! Amma , fikrimcə, bunun biz şahidi olmuruq! O məqalələrin, konfrans tezislərinin hansı ölkə iqtisadiyyatının idarə edilməsində müsbət tətbiqi effekt verib. Xatıraldığım qədər, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "gənc professor" layihəsi var idi. Həmin layihədə iştirak edən insanların heç olmasa biri doktorluq dissertasiyasını müdafiə etdimi? Bildiyim qədər yox! Bəs layihəyə sərf edilən resurslara görə məsuliyyət daşıyan oldumu? Ümumiyyətlə, UNEC-də son " 8-9 islahat illləri" ərzində işlənilməsinə başlanan heç olmasa 1 elmlər doktorluğu dissertasiyası  yerinə yetirilib, müəllif elmlər doktoru diplomunu alıbmı? Söhbət ölkədə  iqtisadii təhsilin, iqtisad elminin flaqmanı olmalı olan UNEC-dən gedir! Tədbirlər keçirib, şəkillər çəkib, sosial şəbəkələrdə yaymaqla, statuslarda optimist fikirlər bildirməklə iqtisad elmini, iqtisadi təhsili inkişaf etdirmək olar? Neft qiymətləri ilə bağlı xatırlayıram ki, UNEC  neft proqnozları verilmişdir. Hanı o proqnozlar indi?  Düşünürəm ki, onların reallıqdan çox uzaq olması səbəbindən o proqnozlardan "səs çıxmır"! 

Daha bir ciddi boşluğu diqqətə çatdırmamaq olmur: Azərbaycanda 26 kommersiya bankı fəaliyyət göstərir və ölkəmizin bank sektorunun inkişafı, onun investisiya generasiyası bu gün, hesab edirəm ki, iqtisadi siyasət nöqteyi-nəzərdən ən həssas və ağrılı istiqamətlərdən biridir. Ölkədə bank işi ixtisası bakalavr səviyyəsində  ləğv edilmişdir!  Düşünürəm ki, bunun hansı məntiqə əsaslanmasının təhlili üçün elə də böyük  biliklərə malik olmaq tələb edilmir. Bax belə, dərin, bir tərəfdən gülməli, digər tərəfdən isə kədərlənməli olan problemlər var ki, onların mövcudluğu  ali iqtisadi təhsil sistemimizin  milli iqtisadiyyatımızın inkişaf göstəricilərinə açıq-aşkar uyğun olmamasının, fikrimcə, göstəricisidir! 

Eyni zamanda, əgər ölkə başçısı ölkədə sənayeni, kənd təsərrüfatını prioritet inkişaf istiqamətləri görərək, ölkədə sənaye ili,  kənd təsərrüfatı ili elan edirsə, UNEC-də həmin kafedralar ləğv edilirsə, ixtisaslar bağlanırsa, Azərbaycan İqtisadiyyatı fənni bir çox iqtisadi ixtisaslarda seçmə fənn kimi salınıb tədris prosesindən çıxarılımasına qədər  dəhşətli hesab etdiyim qərar qəbul olunursa(!), zənnimcə, ictimaiyyət və aidiyyatı dövlət qurumları belə məsələlərə müvafiq reaksiya verməyə bilməz! Çünki, zənnimcə, bu məsələlərin kökü kimi çox ciddi səbəblər ola bilər! Düşünürəm ki, xaricdə oturub, Azərbaycan barədə, ölkəmizin Müzəffər Ali Baş Komandanı barədə, Azərbaycan iqtisadiyyatı  barədə yolverilməz  fikirlər bildirən "ekspertlərə" qarşı UNEC rəhbərliyi tərəfindən müşahidə edilən, fikrimcə, loyal və çox tolerant adlandıra biləcəyimiz münasibətdə aidiyyatı olaraq araşdırılmalıdır! Bu istiqamətdə yeri gəlmişkən müvafiq işlər aparmaq niyyətindəyəm!

Hesab edirəm ki, sadalanan problemlər həm ictimai müstəvidə, həm də dövlət qurumları səviyyəsində qaldırılmalıdır. Və mən bir mütəxəssis olaraq məsələnin ciddiliyini nəzərə alaraq onun hər iki sözügedən müstəvidə müzakirələrinin təşkilində bilavasitə iştirak edəcəm. Çünki ali iqtisadi təhsil sistemimizdəki  problemlər olduqca mühümdür və  düşünürəm ki, həmin məsələlərlə bağlı məsuliyyət daşımalı olan insanlar aidiyyatı olaraq mütləq məsuliyyətlərini daşımalı və daşıyacaqlar!

İqtisad üzrə elmlər doktoru,
Professor Elşad Məmmədov

 

.