IMDb internet film portalı 2022-ci ilin əsas kino ulduzlarının reytinqini dərc edib.

Siyahı ayda 200 milyondan çox sayt ziyarətçisinin faktiki səhifə baxışlarına əsaslanıb.

Birinci yeri Ana de Armas tutub. O, “Sarışın” (“Blonde”) filmində aktrisa Merilin Monronu canlandırıb. Endryu Dominikin rejissoru olduğu film ilin ən çox danışılan layihələrindən birinə çevrilib.

Ana de Armas Kuba-İspaniya aktrisasıdır. O, karyerasına 2006-cı ildə Kubada başlayıb. Vətənində və İspaniyada uğur qazandıqdan sonra o, Hollivuda köçüb. Aktrisa “Ülgüc Üzərində Qaçan 2049” (“Blade Runner 2049), “Bıçaqlar çəkildi” (“Knives Out”), “Ölmək vaxtı deyil” (“No Time to Die”) və digər filmlərdəki rolları sayəsində bütün dünyada məşhurlaşıb.

İkinci yerdə HBO-nun yeni fantaziya hiti olan “Əjdaha evi”nin (“House of the Dragon”) əsas ulduzlarından biri Emma D'Arsi qərarlaşıb.

Üçüncü yerdə də “Əjdaha evi”nin aktrisası qərarlaşıb. Bu Reynira Tarqarieni (1-ci mövsümdə) rolunu ifa edən Milli Alkokdur.

İlk onluğa həmçinin: Cozef Kuinn (“Qəribə Şeylər”/“ Stranger Things”), Culiya Qarner (“Ozark”), Milli Bobbi Braun (“Qəribə şeylər”), Ostin Batler (“Elvis”), Lili Ceyms (“Pam və Tommi”), Zoi Kravitz (“Betmen”) və Caymi Kempbell Bauer (“Qəribə şeylər”) daxildir.

.