İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası təsdiq olunub.

Nazirlər Kabinetinin qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

“Tibbi sığorta haqqında" Qanuna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslərə (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri), eləcə də mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir.

Bu Qayda isə yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən aparılan nəzarət qaydasını müəyyən edir.

Burada nəzərdə tutulmuş sığortaolunanlar üzrə illik sığorta haqqı minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirib və sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilməlidir.

Əgər sığortaolunanlar üçün sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yaranarsa, həmin şəxslər üçün minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləş illik sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq.

Sığortaolunan tərəfindən ödənilməli olan sığorta haqqının hesablanmasına nəzarət sığorta haqqını ödəmək öhdəliyi yarandığı andan etibarən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin məlumat bazası vasitəsilə sığortaolunanın FİN-i üzrə elektron şəkildə aparılacaq.

.