25 iyun 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında YAP Gənclər Birliyinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirildi. Videokonfrans formatında keçirilən tədbirdə YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyəti və Şura üzvləri ilə yanaşı Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov və digər rayon təşkilatları Gənclər Birliyinin üzvləri iştirak etdilər. 
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbir iştirakçılarını salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin gənclər haqqında söylədiyi kəlamla başladı:"Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".
Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi xüsusi yer tutur. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib” -deyə bildirildi.
Çıxışının sonunda YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti barədə danışan Hikmət Şikarov pandemiya dövründə gənclərdən ibarət Könüllülər qrupu üzvlərinin fədakar əməyini xüsusi qeyd etdi. 
Tədbirdə qonaq qismində iştirak edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov çıxışında Azərbaycanda gənclər siyasəti barədə, dövlətçiliyimizin inkişafında gənclərin rolundan danışdı: “Azərbaycanda gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addmlar atmaqdadır”. 
Digər çıxış edənlər – YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov və digərləri gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. 

.