Bir neçə həftədən sonra Türk Şurasının sammiti keçiriləcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) “Media Forumu”nun açılışında çıxışı zamanı deyib.

H. Hacıyev bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə imzalanmış Naxçıvan sazişi ilə böyük yola çıxıb: “Dünyada beynəlxalq təşkilatlar çox olsa da, Türk Şurası onlardan çox fərqlənir. Beynəlxalq təşkilatlar siyasi, iqtisadi və digər maraqlar əsasında yaranır. Türk Şurasının da bu kimi maraqları var. Amma bu təşkilatın yaradılmasının fəlsəfəsində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur”.

H. Hacıyev qeyd edib ki, Türk Şurasının baş katibinin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitdə çox vacib qərarların qəbul edilməsi gözlənilir: “Bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha da təsisatlanaraq, daha güclü mövqeyə sahib olacaq. Bu gün Türk Şurası dedikdə, qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlığı görürük. Bu, ilk olaraq siyasi əməkdaşlıqdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”.

.