Ermənistanda dövlət səviyyəsində digər millətlərə, insanlığa qarşı patoloji baxımdan qəddarlıq, nifrət və dözümsüzlük yeridilir. Şəhərin mərkəzində aqressiyanı, terroru ehtiva edən abidələrin ucaldılması rəsmi İrəvanın bu mövqeyini daha da açıq şəkildə biruzə verir.  Ermənistanda türk generalı Tələt Paşanın qatili, terrorçu Soqomon Tehliryana abidənin ucaldılması isə bəşəriyyətə olan təhqirdir. Qurbanın başı terrorçu qəhrəmanın ayağının altında təsvir edilib, 3,5 metr hündürlükdə bir postamentin üstündəki Tehliryan əlində revolver tipli tapanca tutub. Qeyd edək ki, Tələt Paşa terrorçu Soqomon Tehliryan tərəfindən 1921-ci il  martın 15-də Berlin küçələrinin birində qətlə yetirilib. Digər bir misal, bir neçə il bundan öncə İrəvanda nasist Qaregin Njdeyə milli qəhrəman kimi bir abidə ucaldılıb. Bu gün hər bir erməni, Vermaxtın "Erməni Legionu"nu yaradan əsl erməni faşisti Garegin Njdeni milli qəhrəman hesab edir. Ermənistanın dövlət və hökumət nümayəndələri bu abidəni tez-tez gül-çiçəklə ziyarət edirlər. 

Qeyd edim ki, 1942-ci ildə Ermənistanın “milli qəhrəmanı” sayılan Qaregin Njde başqa bir erməni terrorçusu Drastamat Kanayan (“General Dro”) ilə birlikdə ermənilərdən və Avropadakı erməni “diasporası” nümayəndələrindən nasistlər üçün “Erməni Legionu” təşkil edib. Cəza funksiyalarını yerinə yetirən bu legion Avropanın Yəhudi əhalisinin məhvində Holokost da daxil olmaqla nasistlərin bütün cinayət əməllərində yaxından, can-fəşanlıqla iştirak edibmiş. "Faşist Almaniyası üçün ölən Ermənistan üçün ölür". Bu, Njdenin əsas şüarlarından biri  olub.

Yeri gəlmişkən, İrəvanın mərkəzində bu abidənin ucaldılması Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin yeni dalğasına səbəb olub. Belə ki, İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılan abidə bu yaxınlarda təhqir edilib. Naməlum şəxslər xatirə abidəsinin üstünə qara boya tökərək, svastika çəkiblər, abidənin üzərində erməni dilində "yəhudilərə ölüm" yazısı yer alıb. Görünür ki, Ermənistanda  digər millətlərə,  xüsusən də yəhudilərə qarşı nifrət siyasəti dövlət səviyyəsində dəstəklənir. Bu gün Ermənistana əsasən İraq, Livan və Suriyadan gələn erməni əsilli gənclər ölkələrində  hökm sürən antisemitizmin qurbanı olaraq tez-tez İrəvanda bu cür vandallıq aktlarını törədirlər. Keçən əsrin 90-cı illərindən bəri Ermənistanda fəaliyyət göstərən və mütamadi olaraq antisemit bəyanatlarla çıxış edən ultra-millətçi "Erməni-Ari ordeni" təşkilatı isə başqa bir mövzudur. Təşkilat Holokostu "20-ci əsrin ən böyük saxtakarlığı" adlandıraraq bu səpkidə kitablar tirajlayıb  nəşr etdirir. SSRİ dövründə Ermənistanda Böyük Vətən müharibəsində xalqların qələbəsini əks etdirən 626 abidə mövcud olsa da,  bu gün onların böyük əksəriyyəti yerlə yeksan edilib, qalanların vəziyyəti isə acınacaqlıdır.  Ermənilər özləri də etiraf edirlər ki, tarixin və mədəniyyətin bu ziyarətgahları dövlət tərəfindən qəsdən dağıdılır.

Erməni separatizmi və terroru sərhəd bilmir, hətta öz ölkələrində belə çirkin əməllər törətməkdən çəkinmirlər. Belə ki, bu il iyulun 15-də İrəvandakı Göy Məscidin partladılacağı ilə bağlı dəfələrlə daxil olan hədələrdən sonra Ermənistan hüquq-mühafizə orqanları dini-tarixi abidəni göz altına almaq məcburiyyətində qalıb. Keçən il dekabrın 2-sində isə erməni radikallar Rus yazıçısı və diplomat Aleksandr Qribayedovun abidəsini təhqir edərək üzərinə boya töküblər. Bütün bunların arxasında duran  isə işğalçı ölkə rəhbərliyinin illərdən bəri düşdüyü kritik və çıxılmaz vəziyyətdir. Bu vəziyyətdə Ermənistan höküməti çıxış yolu kimi xalqının başını yalnış, heç bir məntiqi çərçivəyə sığmayan,  lazımsız radikal və yalançı vətənpərvərlik hiyləsi ilə qatmağı prioritet seçir.

Rəşad Nəsirov 
 

.