Hər ölkədə az və ya çox səviyyədə kölgə iqtisadiyyatı mövcuddur və bir neçə il əvvələ kimi ölkəmizdə gizli iqtisadiyyat və yaxud da kölgə iqtisadiyyatının həcmi kifayət qədər geniş idi. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılmış, işçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir "biznes təcrübəsinə" çevrilmişdi. Hal-hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb və mühüm uğurlara nail olunub. Belə ki, dövlət büdcəsinə daxilolmaların həcmi artıb, qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunub və maliyyə intizamı artırılıb. Aparılan ciddi islahatlar və dəyişikliklərlə 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Eyni zamanda son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Lakin qeyri formal məşğulluqla sadəcə dövlətin mübarizə aparmağı kifayət deyil. Eyni zamanda vətəndaşlar da bu işdə maraqlı olmalı və işəgötürəndən bunu tələb etməlidirlər. Çünki, əks təqdirdə vətəndaşlar dövlətin maliyyə dəstəyinin böyük hissəsindən kənarda qalır, işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilmirlər. İşəgötürənlər də bu işdə eyni dərəcədə maraqlı olmalıdırlar. Xüsusilə pandemiya dövründə biz bunun şahidi olduq. Belə ki, dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə etdi. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.

Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində, daha sonra ikinci dəfə iyun ayı üçün “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran

şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi tapşırıldı. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Beləliklə, koronavirus dövrünün “acı nəticələri” bir daha təsdiq etdi ki, hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Bu həm dövlət, həm sahibkar, həm də vətəndaş üçün ən düzgün olandır. Ölkə başçısının qeyd etdiyi kimi “burda təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...” Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətinin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcəkdir.


Anar Məmmədov

Milli Məclisin deputatı

.