Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Naxçıvanda şəhid və qazi ailələrinin özünüməşğulluğunun təmin olunması məqsədilə 150 min manat vəsait ayırıb.

Bunu AHİK sədri, deputat Səttar Mehbalıyev martın 14-də Naxçıvanda jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, konfederasiya 2020-ci ildən etibarən hər il bayramlarda Azərbaycanın bütün bölgələrinə ərzaq yardımları göndərir.

AHİK sədrinin sözlərinə görə, indiyədək Bakıda 140 min ailəyə belə yardım göstərilib.

S.Mehbalıyev vurğulayıb ki, AHİK və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 2021-ci ildən bu günə qədər Naxçıvanda 6 mindən çox insana ərzaq yardımları verib: "Naxçıvandan olan şəhidlərin övladları dövlət tərəfindən himayəyə götürülüb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası şəhid övladlarına 18 yaşı çatana qədər pul yardımı veriləcək. Əgər şəhid ailələrinin övladları universitetə qəbul olarsa, bu yardımlar davam edəcək".

O bildirib ki, Naxçıvanda 14 şəhidin 30 uşağı dövlət tərəfindən himayə olunur və onlara mütəmadi olaraq pul vəsaitləri köçürülür.

AHİK sədri deyib ki, rəhbərlik etdiyi təşkilat şəhid və qazi ailələrinin problemlərinin həlli məqsədilə “YAŞAT” Fonduna da vəsait köçürür.

.