Günəbaxan tumları sağlamlıq üçün ən faydalı və əlçatan “superfud”dur.

Bunu rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.

Onun sözlərinə görə, tumlarda son dərəcə yüksək miqdarda maqnezium var.

“Bu mikroelement mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, stres və narahatlıq səviyyəsini azaltmağa, həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir, ömrü uzadır. Xroniki maqnezium çatışmazlığı damarlarda kalsiumun çökməsinə gətirib çıxarır, bu da aterosklerozun inkişafına səbəb olur”, - deyə həkim bildirib.

Ginzburq həmçinin xatırladıb ki, tumlar ürək-damar xəstəliklərinin, o cümlədən insult və infarktın qarşısının alınmasında zəruri olan sink, maqnezium, fol turşusu (vitamin B9) və E vitamini ilə zəngindir.

“Ancaq bu məhsulda selenin olması xüsusilə vacibdir. Selen kritik əhəmiyyətli mineraldır, çünki bu yaxınlarda öyrənilib ki, o, yalnız saç, dəri, dırnaqlar üçün deyil, həm də ürək-damar sistemi üçün faydalıdır”, - deyə həkim bildirib.

Yekun olaraq diyetoloq faydalı olmasına baxmayaraq, tumları qabıqsız və münasib miqdarda istifadə etməyə çağırıb. Onun sözlərinə görə, bu, çox yüksək kalorili məhsuldan (100 qramında 500-600 kilokalori) gündə bir kiçik ovuc istehlak etmək kifayətdir.

.