Ötən gün axşam saatlarında əsən güclü külək və intensiv yağan yağışlar Şəmkir rayonunun bir sıra kəndlərində fəsadlar törədib.

Şəmkir rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, əsasən, avtomobil yoluna, elektrik və qaz xətlərinə, rabitə təsərrüfatına qismən ziyan dəyib. Güclü külək və intensiv yağan yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün gecə saatlarından Şəmkir RİH yanında Fövqəladə Hallar Komissiyası, FHN-nin Gəncə Regional Mərkəzi, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsi 25 saylı Yol İstismar İdarəsi və digər aidiyyəti qurumların əməkdaşları, texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda rayonun 4 yaşayış məntəqəsi istisna olmaqla, bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub, avtomobil yolları təmizlənib.
 

 

.