"Təəssüfedici vəziyyətdir ki, biz NATO-ya üzvlüyümüz üçün hələ Türkiyənin və Macarıstanın ratifikasiyasını gözləyirik".

Bunu Finlandiyanın xarici işlər nazir Pekka Haavisto Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Bizim İsveç və Türkiyə ilə keçən il Helsinkidə və Stokholmda üçtərəfli görüşlərimiz oldu. Mən ümid edirəm ki, bu il tezliklə yeni üçtərəfli görüşümüz keçiriləcək. Çünki, bu, bizim və İsveçin təhlükəsizliyi ilə bağlı vacib məsələdir", - Finlandiya XİN başçısı vurğulayıb.

Finlandiya XİN başçısı "Leopard" tanklarının Ukraynaya göndərilməsi ilə bağlı da danışıb.

O deyib ki, bu tankların tədarükü ilə bağlı yaranacaq hər hansı koalisiyada Finlandiya müxtəlif rol oynaya bilər ki, bura ukraynalı hərbçilərin bu tankları idarə etməsi ilə bağlı təlimlər, lazımi sursatlar və ya bir neçə tankın verilməsi daxil ola bilər.

Finlandiyalı nazir Almaniyanın bu tankların göndərilməsinə təsdiqi gecikdirməsinə də münasibət bildirib. "Mən bununla bağlı şərh verə bilmərəm, hər bir ölkənin öz siyasəti və resursları var. Biz yalnız öz siyasətimizdən məsuliyyət daşıyırıq. Lakin vurğulamalıyam ki, Ukrayna ehtiyac olduğu bütün silahları tez bir zamanda almalıdır. Bura havadan müdafiə sistemləri və s. daxildir".

.