Estoniyada Tallinn şəhər Filarmoniyasında Xocalı soyqırımının 31-cü ildönümü ilə əlqədar anım tədbiri keçirilib.

Bu barədə Azərbaycanın Estoniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan, Moldova və Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Moldova, Rumıniya və Macarıstan səfirliklərinin təmsilçiləri, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən bəyanatı diqqətə çatdırıb. Bəyanatda deputatlar Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın amansızcasına öldürüldüyünü qətiyyətlə pisləyib, bu kütləvi qətliamı törədən cinayətkarların tezliklə məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan ediblər.

Qeyd olunub ki, Litvalı hərbi jurnalist Ricardas Lapaitis Xocalı faciəsi ilə bağlı dəhşət doğuran xatirələrini bölüşüb.

Tədbir “Sonsuz dəhliz” filminin nümayişi ilə davam edib.

Sonda tədbir iştirakçıları Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Quliyevin Xocalı soyqırımının dəhşətlərini əks etdirən əsərlərindən ibarət sərgisi ilə tanış olublar.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına təqdim olunub.

 




.