Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı addımları müsbət nəticə verməyib.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

İbrahim Kalın deyib ki, sanksiyalar Türkiyə iqtisadiyyatına Rusiya Federasiyasından daha çox ziyan vuracaq.

Kalın: “Dünya ictimaiyyətində Rusiya ilə Ukrayna arasında danışıqlar aparmaq istəyi yoxdur”

“Çox təəssüfləndirici haldır ki, dünya ictimaiyyətində Rusiya Federasiyası ilə Ukrayna arasında ciddi danışıqların aparılması üçün şərait yaratmaq üçün kifayət qədər istək yoxdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

Ankara rəsmisi hesab edir ki, bu, əsas oyunçu olan Qərb ölkələri, xüsusilə də ABŞ böyük geosiyasi məsələ kontekstində ciddi addımlar atacağı halda mümkün ola bilər.

İ.Kalın qeyd edib ki, Rusiyanın iştirakı olmadan Ukrayna ilə sülh danışıqlarına getmək uğursuz cəhddir. Onun sözlərinə görə, münaqişə uzansa da, hər iki tərəf böyük itkilər verdikdən sonra nəhayət danışıqlar masasına əyləşməyə məcbur olacaq.

Türkiyə rəsmisinin fikrincə, Rusiya Ukraynanın NATO-ya daxil olmayacağına dair dəqiq təminat aldıqdan sonra Ukraynaya hücum etməmək zəmanəti yaranacaq.

İ.Kalın əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planına düzgün yanaşılarsa, Rusiya üçün də uyğun ola biləcək müddəalar ehtiva olunur.

.