Bu günlərdə Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.

Ali məktəbə daxil olan çoxsaylı gənclərimiz arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin nəvəsi Ayan da var. O, nəvəsinin ali məktəbə qəbul olmasına görə hisslərini belə bölüşdü: "Sevincim hədsizdir. Ayan tələbə adını qazandı. İnşallah, Slavyan Universitetində polyak dili tərcüməçisi ixtisasına yiyələnəcək. Onun qardaşı da bu il bu universitetin məzunu olub. Bu gun - sabah onu ordu sıralarına yola salacağıq. Vətəni qorumağa gedəcək. Övladlarımla fəxr edirəm, qürur duyuram. 

Hər kəsə belə şad xəbərlərdən fərəhlənməyi arzulayıram. Bir baba üçün bundan gözəl nə xəbər ola bilər? Nəvəmə və tələbə adının sevincini yaşayan bütün gənclərə çətin və məsuliyyətli təhsil yollarında uğurlar arzulayıram".

Xatırladaq ki, Ayan Əsədzadə ölkəmizi qardaş Türkiyədə keçirilən 23 Nisan cocuq bayramlarında dəfələrlə təmsil edib. 2015-ci ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Gözəl nitqi və ifadə etdiyi dolğun fikirlərlə onu kövrəldən 12 yaşlı istedadlı qızın çıxışı uzun müddət türk  mediasının da gündəmində olub. 

 Aradan illər ötməsinə baxmayaraq, hələ də aktuallığını itirməyən və sosial şəbəkələrdə tez - tez paylaşılan bu videogörüntüyə baxsanız, siz də onu xatırlayacaqsınız.

Sənə tələbə kimi də uğurlar, xoş və unudulmaz tələbəlik illəri arzulayırıq, Ayan!

.