“Fevral ayında baş verən zəlzələdən sonra Qətərdən Azərbaycana qədər bütün qardaşlarımızın dəstəyini hiss etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə çətin vaxtlarda hər kəsə kömək edib: "Ona görə dünya dövlətləri də bizim yanımızda oldu".

Ərdoğan qeyd edib ki, zəlzələnin təsirlərinin aradan qaldırılması üçün işlər davam edir.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Nəticədə 50 500 nəfər ölüb.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

.