“Parlament seçkilərinin “Cümhur İttifaqı”nın qələbəsi ilə başa çatması və prezident seçkilərində ciddi fərq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin və komandasının rahatlığını pozub”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O qeyd edib ki, CHP rəhbərliyi mayın 14-də nəticələri bildiyi halda “qalib gəldik” teatrı səhnələşdirib və bunu da bütün xalq televiziyalardan izləyib: “Qutuların rəngi məlum olduqca, yalanları ortaya çıxdı. Buna baxmayaraq, nə qəsdən səhv istiqamətləndirdikləri seçicilərindən, nə də ictimaiyyətdən üzr istədilər”.

R.T.Ərdoğan söyləyib ki, qarşı tərəf yenə də kampaniyalarını davam etdirir: “Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən qardaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda R.T.Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.

İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.

Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.

.