“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turu ilə bağlı gənclərə müraciət edib.

O, tviter səhifəsində paylaşdığı müraciətində gəncləri yalan vədlərə inanmamağa çağırıb.

“Dibsiz qaranlıqda vurnuxanlar ümid verə bilməz. Xəyalı, idealı, hədəfi olmayanlar üfüq xətti çəkə bilməzlər.

Siyasi uğursuzluqlarına sizi də ortaq etmək istəyənlərin yalanlarına aldanmayın. Biz hər zaman sizin yanınızdayıq. 21 ildir ki, hakimiyyətdəyik. Bu 21 il ərzində heç bir gəncimizin həyat tərzinə müdaxilə etmədik, kimsənin də başqasının geyiminə, düşüncə tərzinə, gözləntilərinə, zövqlərinə qarışmasına icazə vermədik. Ölkəmizə qazandırdığımız əsərlər, investisiyalar, layihələr ilə birlikdə fikirlərinizi rahat formada ifadə etmək, gənclərimizin azad yaşaması üçün var gücümüzlə işlədik”, - R.T.Ərdoğan bildirib.

Bundan başqa, o qeyd edib ki, bu gün gənclər hər cür sənət tədbirinin təşkil olunduğu, beynəlxalq tədbirlərə ev sahibliyi edən, idmanın, musiqinin, elmin, texnologiyanın həyatımızın mərkəzində olduğu Türkiyədə yaşayırlar: “1 milyondan çox gəncimizin iştirak etdiyi TEXNOFEST ilə potensialınızı ortaya qoyduğunuz, dünya ilə rəqabətə girə biləcəyiniz platformalara sahibik. Bütün bunları sizin üçün elədik, sizin dəstəyiniz, səyləriniz sayəsində bacardıq. 28 maydan sonra, inşallah, Türkiyənin yeni əsrinin inşasını da sizinlə birlikdə bacaracağıq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

.