Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesinin başlaması məqsədilə substantiv danışıqları davam etdirməyə hazırdır.

Bunu "RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib: "Əgər son zamanlarda danışıqların gedişatına fikir versəniz, görərsiniz ki, məhz Bakı Azərbaycan ərazilərinin işğalının dayandırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı üşün şəraitin yaradılması, erməni və azərbaycanlı icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün geniş idarəetmə hüquqlarının təmin olunması kimi nəticələrə yönəlmiş məsuliyyətli dialoqun zəruriliyi barədə mövqe səsləndirir”.

E.Məmmədyarov əlavə edib ki, Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın hazırda Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutmuş söhbət Azərbaycan hərtərəfli dialoqa hazır olduğunun bariz nümunəsidir:

"Təəssüf ki, hakimiyyət dəyişikliyi və Yerevanda bugünədək müşahidə olunan siyasi boşluq prosesi müəyyən mənada yavaşladıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək”.

Xəzər dənizinin statusu üzrə işçi qrupunun ilk görüşünün bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılır.

Bunu da Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.

Nazir bildirib ki, dövlət başçıları ilk növbədə sahilyanı ölkələrin ərazi sularının müəyyənləşdirilməsi üçün Xəzər dənizində birbaşa çıxış xətlərinin təyin edilməsinin metodikası ilə bağlı beştərəfli sazişin razılaşdırılmasına başlamağı tapşırıblar:

"Məhz bu məsələ beştərəfli formatda danışıqların yeni mərhələsinin əsas gündəliyi olacaq".

E.Məmmədyarov vurğulayıb ki, hüquqi status haqqında Konvensiyanın əsas əhəmiyyəti Xəzəryanı dövlətlərin dənizin zəngin təbii resurslarından suveren və müstəsna istifadə hüquqlarını müəyyən etməsidir:

"Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin reallaşdırılmasının ardıcıllığını və təhlükəsizliyini, eləcə də dənizdə digər səmərəli iqtisadi fəaliyyətin icrasını təmin edir. Həmçinin bu sənəd azad gəmiçiliyi və onun təhlükəsizliyini təmin edir ki, bu da Xəzərdə ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayır".

Ratifikasiyaya gəldikdə, xarici işlər naziri bildirib ki, rəsmi Bakı sənədi imzalayan ölkələrin zəruri daxili prosedurları yaxın vaxtlarda icra edəcəyinə ümid edir.

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Elmar Məmmədyarov Azərbaycanın KTMT-yə üzv olması ilə bağlı iddialara da münasibət bildirib.

"Azərbaycan Respublikası tarazlı xarici siyasət yürüdür".

Xarici işlər naziri Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

"Biz KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Təbii ki, Azərbaycana qarşı hərbi təcavüz siyasətini davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə azərbaycanlıların ucdantutma qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu mənada istisna təşkil edir”, - nazir vurğulayıb.


.