Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları, 2022-ci ildə isə 74 dollar təşkil edəcək.

Dünya Bankının verdiyi məlumata görə, 2021-ci ilin neftin orta qiyməti üzrə proqnozu bankın aprel hesabatı ilə müqayisədə 18,4%, 2022-ci ilin proqnozu isə 5,7% yüksəldilib.

Qeyd edilir ki, qlobal bazarda neftə tələbat COVID-19 pandemiyasından əvvəlki səviyyəni 2022-ci ildə üstələməsi gözlənilir. Tələbatın artımı Çin, Hindistan və Rusiya hesabına baş verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci il ərzində xam neftin orta qiyməti 48%-dən çox artıb və oktyabrın ortalarında "Brent" markalı neftin qiyməti yedilllik maksimuma çatıb. Artımın əsas səbəbləri kimi, ABŞ-da "İda" qasırğası səbəbindən hasilatda dayanmalar, eləcə də "OPEC+"in oktyabr ayında keçirilən iclasında qrupun əvvəl elan edilmiş hasilat artımlarını saxlamaq niyyətində olduğu barədə açıqlaması göstərilir. Bundan əlavə, neft qiymətləri artan qaz qiymətləri ilə də dəstəklənib.

Hesabatda neftin orta qiyməti kimi, "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətləri götürülür. Hazırda "Brent" 83,9 dollara, WTI 81,9 dollara, "Dubai" markalı neft isə 81,8 dollara ticarət olunur.

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 40 dollar, 2022-ci il üçün isə 45 dollar nəzərdə tutulub.

.