2022-ci il ərzində ümumilikdə vergi orqanlarına 284 min 494 müraciət daxil olub ki, bunun da 91,3%-i ərizə, 8,6%-i şikayət, 0,1%-i təklif olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 98,4%-nin baxılması 2022-ci il ərzində başa çatdırılıb, 1,6%-i hazırda icradadır. Baxılmış müraciətlərdən 66,4%-i həll olunub, 29,4%-i barədə müvafiq izahat verilib, qalanları haqqında qanunvericiliyə uyğun qərarlar qəbul olunub.

Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azdır. Həll edilmiş faktiki şikayətlərin 91%-i kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyəti, təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri və s. məsələlər ilə bağlı olub.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından İqtisadiyyat Nazirliyi vasitəsilə Dövlət Vergi Xidmətinə 696 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% azdır. Daxil olmuş müraciətlərdən 96,8%-nin baxılması həmin dövrdə başa çatdırılıb, 3,2%-i isə hazırda icradadır. Müraciətlər, əsasən, vergidən yayınma halları, nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz sahibkarlıq fəaliyyəti, vergi borcu, vergi ödəyicisinin fəaliyyəti, kameral vergi yoxlamaları, operativ vergi nəzarəti, artıq ödənilmiş vergilərin qaytarılması, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

2022-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 493 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli mümkün olmayan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

.