"2021-ci ildə Azərbaycanda qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin 99,8 %-i ölkənin cənub sərhədlərindən keçirilməklə gətirilib".

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

"Aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarının analizi narkotik vasitələrin əsasən Astara, Biləsuvar və Naxçıvan MR-dakı Şahtaxtı gömrük postu vasitəsilə ölkəmizə gətirildiyini təsdiqləyib.

Narkoqaçaqmalçılıq faktlarının 73%-i (40 fakt), tutulan narkotiklərin 89%-i (2 t 703 kq) cənub sərhədlərində: Cənub Ərazi Baş Gömrük idarəsinin Astara və Biləsuvar gömrük postlarında, Naxçıvan MR Şahtaxtı Gömrük İdarəsində, 1 fakt üzrə 10,5 %-i (320,6 kq) Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda, ümumilikdə isə narkotiklərin 99,5%-dən çoxu yuxarıda sadalanan 4 gömrük orqanında qanunsuz dövriyyədən götürülüb.

Narkotik vasitələr və psixotrop maddələr 20 halda Azərbaycana gətirilərkən, 31 halda tranzit yolla keçirilərkən, 4 halda ölkə ərazisində saxlanılıb. Əsas marşrutlar İrandan gəlməklə Avropaya daşınması marşrutları olub", - deyə o, qeyd edib.

.