Cənubi Koreya Prezidenti Yoon Suk Yeol köməkçilərinə Şimali Koreya ölkəsinin sərhədlərini yenidən pozarsa, 2018-ci ildə iki ölkə arasında hərbi gərginliyin azaldılmasına dair imzalanmış sazişi dayandırmağı nəzərdən keçirmək barədə göstəriş verib.

Bu barədə "Yonhap" agentliyi rəsmi mənbəyə istinadən məlumat yayıb.

"Prezident Yoon Suk Yeol Milli Təhlükəsizlik İdarəsinə Şimali Koreyanın sərhədlərimizi pozacaq növbəti təxribat törədəcəyi təqdirdə sentyabrın 19-da imzalanmış hərbi razılaşmanın dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırıb", - Prezidentin mətbuatla əlaqələr üzrə baş katibi Kim Eun-hye deyib.

Bildirilib ki, bu gün Milli Təhlükəsizlik İdarəsi, Müdafiə Nazirliyi, Baş Qərargah və Müdafiənin İnkişafı Agentliyi ölkənin pilotsuz təyyarələrə qarşı hazırlığı barədə Prezidenti məlumatlandırıb.

Prezident Yoon müdafiə naziri Li Juan Supa nəzarət və kəşfiyyat əməliyyatları da daxil olmaqla çoxsaylı missiyaları yerinə yetirmək üçün pilotsuz uçuş aparatları bölməsinin yaradılması, il ərzində kiçik, aşkarlanması çətin olan dronların kütləvi istehsalına imkan verən sistemin formalaşdırılması barədə tapşırıq verib.

"Yonhap" agentliyi bildirib ki, Prezidentin bu açıqlaması keçən həftə Şimali Koreyaya məxsus beş pilotsuz uçuş aparatının Cənubi Koreyanın hava məkanını pozmasından sonraya təsadüf edir, çünki bu insident Cənubi Koreyanın hazırlığı ilə bağlı ciddi suallar meydana çıxarıb.

Xatırladaq ki, 2018-ci ilin sentyabrın 19-da ozamankı prezident Mun Ce-in və Şimali Koreya lideri Kim Çen-ının iştirakı ilə keçirilən sammitdən sonra imzalanan saziş hər iki ölkə arasında düşmənçilik xarakterli bütün hərbi fəaliyyətlərin dayandırılmasını tələb edir. Sazişə, həmçinin Hərbsizləşdirilmiş Zonanın sülh zonasına çevrilməsi, transsərhəd mübadilələrin aktivləşdirilməsi üçün hərbi təminatların hazırlanması və hərbi etimadın möhkəmləndirilməsi tədbirlərinin qurulması planları daxildir.

.