“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyi aydındır. Hər zaman bildiririk ki, NATO üçün iki təhdiddən biri terrordur, bu mənim yanaşmam deyil, Madrid sənədlərində, NATO sənədlərində qeyd olunub. İlk gündən deyirik ki, bu ölkələr bizim terrorla bağlı narahatlığımızı aradan qaldırmalıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Macarıstan XİN başçısı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“İsveç tərəfindən qanedici addımlar olmayıb. Onlar bəzi addımlar atıb, qanunvericilikdə dəyişiklik ediblər ki, bu da terrorun maliyyələşməsi, insan dəstəyi və terror təbliğatı kimi addımların dayandırılmasını tələb edir. Ancaq bütün bunların dayanması ilə bağlı şübhələrimiz var”, - nazir qeyd edib.

Çavuşoğlu bildirib ki, martda keçiriləcək üçlü görüşə Türkiyə təmsilçiləri qatılacaq, ancaq bu görüş iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr deyil:

“Biz ora qatılacağıq, onlar görsünlər ki, İsveç öhdəliklərini yerinə yetirmir. Bu müzakirə deyil, bu, sazişin yerinə yetirilib-yetirilməməsini görmək üçün keçirilir.

Açıq şəkildə demişik biz, İsveç və Finlandiyanın üzvlük prosesini ayıra bilərik. Bunu ABŞ dövlət katibi Blinkenə, NATO Baş katibi Stoltenberqə demişik. Biz Finlandiyanın üzvlüyünə müsbət baxırıq. Problemli və az problemli olan ölkələri ayırırıq.

Biz nə İsveç, nə də Finlandiya ilə düşmənik, bu ölkələrlə sözügedən məsələ xaricində heç bir problemimiz yoxdur. Ancaq İsveç öz öhdəliklərini yerinə yetirmədən onun NATO-ya üzv olması mümkün deyil”.

.