Britaniya Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makron birgə mətbuat konfransı keçiriblər.

Rişi Sunak bu gün Parisdəki Yelisey sarayında baş tutan Böyük Britaniya-Fransa Sammitində iştirak edib. İki lider daha sonra birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar.

Rişi Sunak bildirib ki, o, Makronla görüşdə miqrasiya, enerji və təhlükəsizlik kimi üç əsas məsələyə diqqət yetirib. O qeyd edib ki, bugünkü görüş çərçivəsində Böyük Britaniya və Fransa qeyri-qanuni miqrasiya ilə mübarizə üçün tədbirlər paketi haqqında razılığa gəliblər. Bu paketə, Böyük Britaniyanın Fransaya qanunsuz miqrasiyanı azaltmaq üçün polisə, texnologiyaya və kəşfiyyata investisiya etmək məqsədi ilə üç il ərzində 480 milyon funt sterlinq ayırması daxildir.

Rişi Sunak qeyd edib ki, Fransa və Britaniya, Ukraynanın döyüş meydanında həlledici üstünlük qazanmasına kömək etmək üçün Ukrayna dəniz piyadalarına təlim keçmək barədə razılığa gəliblər.

Emmanuel Makron görüşün müstəsna əhəmiyyətinə toxunub, Britaniya və Fransanı birləşdirən dəyərlərdən söz açıb.

O bildirib ki, Rişi Sunak ilə danışıqlar iki ölkə arasında münasibətlər üçün yeni bir başlanğıcdır. Makron Ukraynadakı müharibə haqqında da danışıb, Rusiyanın işğalının bütün dünyaya yayılmaması üçün birlikdə hər şeyi etdiklərini deyib. Makron qeyd edib ki, Rusiya bu müharibədə qalib gələ bilməz.

.