"Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü, sevgilisinin əlindən ölür".

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub.

Məqaləni təqdim edirik:

"Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq.

Ukraynadakı müharibədən tutmuş fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir birinin üstünə gələn böhranlar ilk növbədə və ən çox qadın və qızlara təsir edir. Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların öz bədənlərinə dair hüquqları və şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır və inkar edilir. İki statistik məlumat uğursuzluğumuzu çox açıq şəkildə göstərir: Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü və ya sevgilisinin əlindən ölür.

Hər iki dəqiqədə hamiləlik və ya doğuş zamanı bir qadın ölür. Bu ölümlərin əksəriyyətinin qarşısı almaq mümkündür. Beynəlxalq Qadınlar Günündə daha çox səy göstərmək öhdəliyini üzərimizə götürməliyik. Bu dəhşətli tendensiyaları geri çevirməliyik və hər yerdə qadın və qızların həyat və hüquqlarını müdafiə etməliyik. Bu, mənim əsas prioritetlərimdən biridir və bütün dünyada Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin mərkəzi istiqamətlərindəndir. Cənubi Sudandan Myanmaya qədər böhran vəziyyətində olan qadın və qızları dəstəkləyirik və sülh proseslərində onların səslərinin eşidilməsini təmin edirik.

Baş katibin müavini Əminə Məhəmməd bu yaxınlarda Əfqanıstana səfər edib və bizim mesajımızı yerli rəsmilərə çatdırıb: qadın və qızlar əsas insan hüquqlarına malikdir və biz onlar üçün mübarizəni heç vaxt dayandırmayacayıq.
Bu il Beynəlxalq Qadınlar Günü elm, texnologiya və innovasiya sahələrində gender boşluğunun aradan qaldırılmasına həsr olunub. Qlobal miqyasda kişilərin internetdə olma ehtimalı qadınlara nisbətən 21 faiz, aşağı gəlirli ölkələrdə isə 50 faiz daha çoxdur.
Hətta ən zəngin ölkələr belə gender əsaslı stereotiplər və tarixi qərəzlər səbəbindən uduzur. Texnologiya sənayesində kişilər qadınları iki dəfə üstələyir. Süni intellekt sahəsində isə bu nisbət beşə birdir.
Böyük məlumatlar qızıl dəyərindədir və müasir dünyada siyasi və biznes qərarlarının əsasını təşkil edir. Ancaq burada da tez-tez gender fərqliliyi nəzərə alınmır və ya ümumiyyətlə qadınlar görməzdən gəlinir.
Hamımız təməlindən gender bərabərsizliyini artıran, habelə rəqəmsal məhsullar hesabına patriarxallığı və qadına qarşı nifrəti əbədiləşdirən məhsul və xidmətlərdən narahat olmalıyıq.

Dünyanın Silikon Vadiləri qadın hüquqları üçün Ölüm Vadilərinə çevrilməməlidir.

Kişi orqanizminin öyrənilməsi əsasında əldə olunan məlumatlara görə verilən tibbi qərarlar qadınlara nəyinki zərər vura, hətta onların ölümünə səbəb ola bilər.

Elm və texnologiya sahələrində qadınlara qarşı ayrı-seçkilik çoxəsrlik patriarxallığın, ayrı-seçkiliyin və zərərli stereotiplərin nəticəsidir. 1901-ci ildən bəri qadınlar elmi kateqoriyalarda Nobel mükafatı alanların yalnız üç faizini təşkil edir. İnternetdə isə qadınlar, o cümlədən elm adamları və jurnalistlər, tez-tez cinsiyyətçi nifrət nitqinə və onları susdurmaq və utandırmaq üçün təhqirlərə məruz qalırlar.
Lakin onları susdurmaq mümkün olmayacaq. Qadın və qızlar hər yerdə öz hüquqlarını tələb edirlər və onların sözləri bütün dünyaya yayılır.
Qadın və qızların elm və texnologiyanın köməyi ilə dünyanın öyrənilməsinə tam töhfə verə bilməsi üçün bir neçə istiqamətdə əməli tədbirlər görməyə ehtiyacımız var.

Ayrı-seçkilik yaradan məlumatlardan tutmuş qızları erkən yaşlarında elmi fənləri öyrənməkdən uzaqlaşdıran stereotiplərə qədər maneələri aradan qaldırmalıyıq.
Bütün sahələrdə qərar qəbul edənlər, ehtiyac olarsa kvotalar vasitəsilə, qadınların elm və texnologiyada iştirakını və liderlik imkanları genişləndirməlidirlər.

Onlar yaradıcı olmalı, işə qəbuletmə sistemini genişləndirməli və insanları bacarıqlarına görə işə götürməlidirlər. Bununla yanaşı bu səyləri davamlı şəkildə göstərməlidirlər. Gender bərabərliyi öz-özünə baş verməyəcək – bu sahəni prioritetləşdirmək və qərarların icrasına nəzarət etmək lazımdır. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatında artıq öz nəticələrini verir. Qeyd edim ki, bizim əməkdaşlar arasında gender bərabərliyini təmin etmək üçün strategiyamız var.

Qadınlar üçün təhlükəsiz rəqəmsal mühit yaratmaq, habelə internetdə onları təhqir edənləri və bu şəxslərə bu şəraiti yaradan rəqəmsal platformaları məsuliyyətə cəlb etmək üçün də tədbir görməyimizə ehtiyac var. BMT ifadə azadlığını qorumaq şərti ilə rəqəmsal platformalarda zərərin azaldılması və məsuliyyətin artırılmasına yönəlmiş davranış qaydalarını hazırlamaq üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor və digərləri ilə işləyir.
Qadın hüquqları, iqlim böhranını həll etmək, yoxsulluğu aradan qaldırmaq və daha yaxşı bir dünya yaratmağımızı gözləyə biləcək bir dəbdəbə deyil. Bütün insanlar, icmalar və ölkələrin durumunu yaxşılaşdırmaq və Dayanıqlı İnkişaf üçün 2030-ci il Gündəliyinə nail olmaq üçün qadın və qızlara sərmayələrin yatırılması ən doğru yoldur. Gəlin hər yerdə qadın və qızlar, kişi və oğlanlar üçün daha inklüziv, ədalətli və firavan bir dünya yaratmaq üçün birlikdə çalışaq".

.