Biləsuvar rayonunun Xırmandalı kəndində baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

Rayonun Xırmandalı kəndində baş verən qətl qisas məqsədi ilə törədilib.

Eyni zamanda qətlin motivində bir intihar məktubunun izi də üzə çıxıb. Belə ki, kənd sakini, 37 yaşlı Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 40 yaşlı Mehtun Qarayevə zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Qısa söhbət sonrası Cavad həmkəndlisinin baş və bel nahiyəsinə ov silahından atəş açaraq, onu qətlə yetirib. Onlar arasında ədavət 8 il əvvəldən yaranıb. Hadisəni törədən Cavad Kazımovun bacısı 2014-cü ildə intihar edib və ölümündən əvvəl məktub yazaraq intiharının səbəbkarı kimi Mehtunun adını qeyd edib.

Ailələr arasında yaranan və uzun sürən ədavət Cavad Kazımovun Mehtundan qisas alması ilə nəticələnib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və davam edir.

Qeyd edək ki, mərhum Mehtun Qarayev qəssab kimi fəaliyyət göstərib. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib və ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

.