Beynəlxalq səyyahlar Ağdama səfər ediblər.

Onlar əvvəlcə Ağdam Şəhidlər xiyabanında olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov səyyahlara Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verib. O, işğal vaxtı qəbiristanlığın tamamilə dağıldığını qonaqların diqqətinə çatdırıb və Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı önündə şəhidin həyatı barədə məlumat verib. O cümlədən, Xocalının işğalı zamanı minlərlə soydaşlarımızın əsirlikdən xilas edilməsində Milli Qəhrəmanın xüsusi əməyinin olduğu beynəlxalq ekspertlərin diqqətinə çatdırılıb.

Növbəti dayanacaq Ermənistanın işğalı zamanı dağıntılara məruz qoyulmuş Ağdam poçtu və Ağdam Dram Teatrının binasının qalıqları önündə olub.

Ağdamın işğaldan öncə iqtisadi əhəmiyyətli, multikultural şəhər, o cümlədən, Qafqazın mədəniyyət mərkəzlərindən biri olduğu barədə məlumat verən Araz İmanov qonaqlara tikililərin işğaldan öncə çəkilmiş fotolarını da nümayiş etdirib.

Araz İmanov APA-ya açıqlamasında bildirib ki, səyyahlar artıq bir-neçə gündür ki, işğaldan azad edilmiş ərazilərdədirlər: "Qarabağ iqtisadi zonasının Fizuli, Xocavənd və Ağdam rayonlarına səfər ediblər. Ümumi olaraq, onlara dağıntılar, vandalizim, bizim mədəni və tarixi abidələrimizə dəyən ziyanlar haqqında danışdıq. Eyni zamanda Azərbaycanın müharibədən sonra qarşılaşdığı problemlər haqqında, minalarla barəsində, əsasən də tapılması çətin olan minalar, iki minanın üst-üstə basdırılması kimi faktlar haqqında məlumatlar verdik. Bunlardan sonra qonaqlar bərpa işləri ilə tanış olublar. Ağdamda konfrans mərkəzinə və yeni yaşayış kompleksini ziyarət ediblər, 1 nömrəli orta məktəblə tanış olublar. Ümumi səyyahların fikirləri müxtəlif olub".

.