Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Şimali Atlantika Alyansının (NATO) yeni Baş katibi olmaqdan məmnun olacağını deyib.

 

Bu barədə o, Almaniyanın DPA agentliyinə öz fikrini bildirib.

 

"Mən həmişə demişəm ki, bu, yaxşı işdir. Bu, mənim sevəcəyim bir işdir. NATO-nun Baş Katibi olmaq fantastik iş olardı və alyans bizim ümumi təhlükəsizliyimiz üçün son dərəcə vacibdir. Gecələr rahat yatmağımızı təmin etmək üçün əlimdən gələni etməkdən məmnun olaram", - deyə nazir vurğulayıb.

 

Eyni zamanda, Ben Uolles indiki mövqeyinin də onu qane etdiyini açıq şəkildə ifadə edib.

 

Qeyd edək ki, mayın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni tərk etmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin alyans ölkələrinin ona əla varis tapa biləcəyinə əminliyini ifadə edib. Y. Stoltenberq 2014-cü ilin sonundan NATO-nun Baş katibdir.

.